Onlar cəbhənin aslanlarıdır...| Real hadisədən, nümunəvi nəticələrə

2018/08/19_1515601247_1535699614.jpg
Oxunub: 3209     15:04     31 Avqust 2018    
Təxminən 2011-2012-ci ildə qoşunların qarşıdurma xəttində baş verən əhvalatı ərz edəcəm. Yazını yazmaq səbəbini isə lap sonda qeyd edəcəm. Deməli cəbhənin Füzuli rayonu istiqamətində yerləşən mövqelərimizdə silahlar dayanmaq bilmirdi. Düşmən ard-arda təxribatlara əl atır. Lakin igid Azərbaycan əsgərinin sayıqlığı sayəsində düşmən hər dəfə geri oturdulur.

Qışın oğlan çağıdır. Şaxta, posta duran əsgərlərin necə deyərlər gözlərindəki nəmişliyi donduracaq qədər kəskin idi. Artıq gecə düşmək üzrədi. Manqa komandiri T.Quliyev “Bənək”lə birlikdə səngərlə hərəkət edir. Mövqelərdə əlində silah dayanan əsgərlərin yanından ötüb keçir. “Bənək” manqada olan yeganə heyvandır. Demək olar ki, bütün əsgərlər onu sevir. O da öz növbəsində əsgərlərə hər dəfə yardım edir. Məsələn qaraltı hiss edən kimi bərkdən hürərək səs-küy salıb əsgərləri diqqətli olmağa çağırır. Bir neçə gündür ki, qara, qatı bulud Füzuli səmasını ulduz işıltısına həsrət qoyub. Buna görə də gecənin zülməti döyüş növbəsində olan əsgərlərin görmə qabiliyyətini minumum həddə endirib. Hələ üstəgəl qəflətən dumanın çökməsi...

Çox güman ki, qarşı tərəfdə xidmət aparan erməni hərbçilər öz komandanlıqları qarşısında təxribat xarakterli uğurlu əməliyyat keçirəcəklərinə söz veriblər. Elə buna görə də hər dəfə Azərbaycan əsgəri tərəfindən layiqli dərs alıb geri oturdulanda daha da hiddətlənirlər.

Artıq gecə düşür. Ərazidə tam sakitlik höküm sürür. Birdən “Bənək” bərkdən hürməyə başlayır. Daha sonra o, səngəri aşaraq hürə-hürə neytral əraziyə tərəf qaçır. Əsgərlər texniki vasitələrdən istifadə edərək ərazini işıqlandırırlar. Lakin heç nə görünmür... Qısa müddət keçəndən sonra düşmən tərəfdən Bənəklə bərabər başqa itində səsi gəlir. Sən demə “Bənək” düşmən səngərinin önünə çıxan erməni itinin üstünə hücum çəkibmiş. Hətta səngəri basaraq onu orda boğmağa başlayır. Erməni əsgərlərinin səsi itlərin səsinə qarışır. Qışqırışma qopur. Nəhayət erməni tərəfdə bir-iki güllə səsi eşidilir. “Bənək” bir neçə dəfə hürdükdən sonra zingildəməyə başlayır. Və səsi kəsilir...

Səhər açılır. Manqa komandiri T.Quliyev də, əsgərlər də çox kədərlidirlər. Axı onlar ən sadiq, etibarları dostlarını itirmişdilər. Lənkəran şəhərindən olan əsgər C.Hüseynov oturub əlində loxmaladığı çörəyə baxaraq ağlamağa başlayır. “Bənək” ən çox onunla oynayır və yemək vaxtı öz payını Hüseynovdan alırdı... Birdən Cabbarzadə komandirə səslənir: Komandir Bənək ölməyib!

Komandir cəld yerindən sıçrayıb müşahidə yerinə qaçır. Gördükləri daha dəhşətli olur. Düşmən iti uzun iplə bağlayaraq irəli buraxır. İt öz postumuza tərəf xeyli gəldikdən sonra onu geri sürütləməyə başlayırlar... Sonra onu səngərdə o ki var döyüb zingiltisindən həzz alırlar. Qəhqəhələri bütün əsgərlər tərəfindən eşidilir. Sanki erməni son günlərdə qarşılaşdıqları uğursuzluqlarının heyifini “Bənək”dən çıxırdılar. Namərdlər itə o qədər işgəncə verirlər ki, itin zingiltisi gecə boyu kəsmək bilmir. Sabahı gün də həmin hal baş verir. Birisi gün də... Artıq üçüncü gündür “Bənək” düşmənin əlindədir və onun səsi hər kəsə psixoloji təsir göstərir. Manqa komandiri əsgərləri ilə qərara gəlir ki, sabah ermənilər yenə “Bənək”ə işgəncə versə ona atsınlar. Heç olmasa yazıq itin canı işgəncədən qurtulsun.

Səhər açılır. Buludlar dağıldığı üçün havalar nisbətən günəşli və mülayim keçir. Amma hərdən səngərin üstündəki torpaq dənəciklərini diyirləyən buz kimi meh vətən keşiyi çəkən əsgərlərə sərt qışın üzünü göstərir. Saat təxminən 11-12 radələridir. Artıq bir saat olar ki, manqa komandiri T.Quliyev əlində silah ipə bağlanmış “Bənək”in neytrala çıxarılacağı anı gözləyir. O, nə qədər mətin olsa da tətikdə olan barmağının əsməyindən çox şeyi yaxşı anlamaq olar. Axı o tətik çəkildikdən sonra atılacaq güllə onların sevimli dostunun yaşamına son qoyacaqdı...

Birdən əsgər Cəbizadə - Komandir...! - deyə səslənir. Budur amansız düşmən iti səngərin üstündən çölə atır. Ağ ala rəngli, qulağı və quyruğu kəsilmiş itin hər tərəfində qan ləkəsi var. O, yavaş-yavaş mövqelərimizə tərəf irəliləməyə başlayır. Gözləri dolan komandir silahı itə tərəf tuşlayır. İt arxa ayaqları üstə oturub bərkdən canavar kimi ulamağa başlayır və var gücüylə yerindən götürülür. 1... 2... 3... İt yuxarı tullanaraq ipi qırır. Qaçmağa davam edən iti görən erməni hərbçiləri atəş açmağa başlayır. Güllə atılar atılmaz “Bənək” yerə yıxılır. O, xeyli yumalandıqdan sonra hərəkətsiz halda yerdə qalır. Atəş səsləri dayanıb... Hər iki tərəfdə sükutdur. T.Quliyev başını silahın qundağına qoyub hıçqırığına hakim ola bilmir. Hami itin öldüyünü zənn etdiyi halda hərəkətsiz qalan “Bənək” qəflətən yerindən qalxıb mövqelərimizə tərəf qaçır. Bundan gözəl heç nə ola bilməzdi. O, səngərə atılan kimi Hüseynovun qucağına sıçrayıb onun üzünü yalamağa başlayır. İnsan kimi göz yaşı tökən it daha sonra Quliyevi görür. Hüseynov qucaqladığı iti ağlaya-ağlaya komandirinə tərəf baxaraq yerə buraxır. “Bənək” komandirə tərəf qaçıb onun dizinin önündə dayanır. Arxa ayaqlarının üstündə oturaraq iki dəfə hürdükdən sonra Quliyevin paltarını yalamağa başlayır.

Baxış zamanı məlum olur ki, it axşamdan boğazına bağlanan ipi çiynəyibmiş. Və onun işgəncə almasına səbəb isə düşmənə məxsus bölükdə saxlanan komandirin “afçarka” cinsindən olan iti boğub öldürməsi olub.

Əlbəttə ki, bu olmuş əhvalatı həmin dönəmlər o ərazidə xidmət aparan yaxın dostumdan öyrəndim. Hadisənin ağırlığını orjinallıqla çatdıra bilməsəm də, amma hər halda qoşunların təmas xəttində necə deyərlər dilsiz-ağılsız bir heyvanın sədaqətini ortaya qoya bildim.

İndi keçək mətləbə!...

Deməli, maliyyə mənbələri, hardan informasiya ilə təmin olunmaları bilinməyən, ümumilikdə milliyyətləri şübhəli olan bəzi ünsürlər sosial şəbəkələrdə, bloqlarda, bəzi “əldədüzəltmə” xırda portallarda Azərbaycan ordusuna dil uzadır, hər işinə bir mız qoyurlar. Hətta komandanlığın rəva bilmədiyi informasiyaları yaymaqla yerlərdə əməliyyat şəraitinə əməlli-başlı mane olmağa çalışırlar. Hələ üstəlik Qarabağ müharibəsində sağlamlığını itirən keçmiş döyüşçülərə qara yaxmaqla, onlar barəsində nalayiq ifadələr işlətməklə erməninin dəyirmanına su tökürlər. Bir sözlə ordunu, qəhrəman Vətən oğullarını gözdən salmağa can atırlar. Maraqlıdır, görəsən həmin şəxslərin Azərbaycan dövləti, Azərbaycan Ordusu, Azərbaycan xalqı qarşısında yuxarıda söhbət açdığım “Bənək” qədər faydaları dəyibmi?

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bənək   Cəbhə  


Bizi "telegram"da izləyin